13 Ekim 2011 Perşembe

ÇÜRÜMƏYƏN CƏSƏD...RAHİBƏ BERNADET...

 Yatmış Gözəl.
Tarixdə ən məşhur çürüməyən cəsəd müqəddəs rahibə Bernadet Subiruya məxsusdur. O, 130 il əvvəl vəfat edib və 3 dəfə eksqumasiya olunub. Kimdir Lurdalı Bernadet?
O, 1844-cü ildə Fransanın Lurda şəhərində anadan olub. 14 yaşından etibarən düz 18 dəfə Müqəddəs Məryəmi gördüyünü iddia edib. Hökumət və kilsə rəhbərliyinin sorğu-sualından, camaatın onun yaşadığı yerə axınından bezən 19 yaşlı Bernadet monastırda tənha guşəyə çəkilir. Qız ömrünün axırına kimi astma xəstəliyindən əziyyət çəkib. Deyilənlərə görə, yalnız arpa kökəsi və su ilə qidalanırdı. 1879-cu ildə, 35 yaşında vəfat edən Bernadeti monastırda dəfn edirlər. 30 il sonra onun məzarı hansısa naməlum səbəblərdən açılır və orada iştirak edən kilsə xadimlərinin gözləri dəhşətdən böyüyür: qızın bədəni həyatda olduğu kimi qalmışdı. Nədənsə, heç kimin ağlına gəlməyib ki, əgər meyitin üzü canlı insan kimi sağlam və təbii rəngində qalıbsa, dərisi çürüməyibsə, deməli, o, ölü yox, canlıdır. Heç kim heç nədən şübhələnmir və onu yenidən torpağa qaytarırlar. 10 il sonra məzar qazılır və eyni dəhşətli  mənzərə… Həmin vaxt katolik iyerarxlarının beyninə əla ideya gəlir: Bernadeti müqəddəs elan edib, şüşə tabutda, monastırda saxlamaq. Onun çürüməmiş bədəni indi də Never şəhərindəki kilsədə, şüşənin altında yerləşdirilib və arzu edənlər ona baxa bilər. Ancaq bir şərtlə: şüşəyə yaxınlaşıb, toxunmaq qadağandır. 
 Elə bu səbəbdən bəzi jurnalistlər iddia edir ki, şüşə tabutdakı Bernadet özü yox, onun mum fiqurudur. Amma bu, Bernadetin bədəninin çürümədiyi faktını inkar etmir. Çünki 1925 və 1933-cü illərdə eksqumasiya olunarkən Bernadetin cəsədi inanılmaz dərəcədə təzə idi və bu hadisənin onlarla canlı şahidi və fotolentləri var. Onun dodaqlarının və dırnaqlarının çəhrayılığı belə getməmişdi. Boynundakı  və əlindəki metal xaç korroziyaya uğrayıb paslanmışdı. Bu o deməkdir ki, rahibənin dəfn olunduğu torpaq elə də münbit mühit deyilmiş və cəsəd 10 il ərzində çürüməyə başlamalıydı.
Məsələnin ən maraqlı tərəfi şüşə tabutdakı Bernadetlə 1925-ci ildə ilk eksqumasiya vaxtı çəkilmiş şəkil arasında yerlə-göy qədər fərqin olmasıdır. Ola bilər ki, Bernadetin bədəni salamat qalıb, amma o, aradan keçən 90 il ərzində havada qaldığından ən azı quruyub qaxaclaşmalı və ya qaralmalıydı. Amma indi Bernadeti görənlər az qala ona aşiq olur: qızın dodaqlarının çəhrayılığı, üzünün parıltısı, sifətinin incə cizgiləri, gözlərinin forması həyatdakı Bernadetdən də qəşəngdir. Rahibənin ancaq üzü və əlləri görünür. Qadının bədəni ciddi-cəhdlə rahibə paltarına bələnib. Alimlər 2 versiya irəli sürür: birincisi, həqiqətən də Bernadetin bədəni hansısa səbəblər və ya İlahi hüzurundakı mövqeyi üzündən ölümündən sonra 20 ildə çürüməyib və kilsə bu əlverişli hadisədən istifadə edərək, Bernadetin cəsədini əlavə dəyişikliyə məruz qoyub: onun üzünə mumdan ibarət nazik maska çəkilib. Məhz bu maska  Bernadetin cizgilərini olduğu kimi əks etdirib.
Ola bilsin, Bernadetin bədəni bu 130 il ərzində çoxdan mumiyaya çevrilib. Onun həqiqi cəsədi monastırda gizlədilib, şüşə tabutdakı sadəcə, ustalıqla düzəldilmiş mum fiqurdur.
Hər iki şəkli kompüterdən keçirərkən fərqi görməmək sadəlövhlük olar.
Bir maraqlı fakt: bu günə kimi üzə çıxan mumiya və çürüməyən müqəddəsləri müxtəlif rakurslarda: yandan, tabutsuz, geyimsiz foto və videolentə çəkməyə icazə verilib, təkcə müqəddəs Bernadetdən başqa. Kilsənin bir izahı var: sağlığında Müqəddəs Məryəm kimi ilahiləşdirilmiş bir qadının soyundurulması onun ruhuna hörmətsizlikdir.

Hiç yorum yok:

Yorum Gönder